Sabiq milli təhlükəsizlik nazirinə mal-mülk baxımından yaxınlaşa bilən 2 eks nazir ola bilər - nəqliyyat naziri Ziya Məmmədov, vergilər naziri Fazil Məmmədov.
Ziya Məmmədovun özünün mal-mülkü haqda məlumatlara nəzarə salmazdan öncə uzun illər onun müavini olmuş Arif Əsgərovun hansı sərvətin sahibi olmasını ortaya qoyan məhkəmə işini xatırlayaq.
Arif Əsgərovun oğlu Elnar Əsgərov dəmir yolunun təchizatı adı ilə müxtəlif şəxslərdən öz xalası uşaqları - Emil və Rahib Hüseynovların üzərindən milyonlarla manat pul alıb. Sonradan isə həmin pullar mənimsənilib və iş məhkəmə müstəvisinə qədər gedib çıxıb. Məhkəmədə isə aydın olub ki, Arif Əsgərov iş üzrə təkcə zərərin ödənməsi üçün 21 milyon manat pul ödəyib. Onun qiyməti milyonlarla ölçülən villaları, torpaq sahələri, xaricdəki mülkləri haqda da xeyli məlumatlar var. Fakt odur ki, Arif Əsgərovun adı böyük korrupsiya qalmaqallarına qarışıb və o, vəzifədən çıxıb rahat şəkildə evinə gedib. Vaxtilə onun rəhbəri olan Ziya Məmmədov haqda da eyni sözləri demək olar. Sadəcə, Ziya Məmmədovun mal-mülkünü, pul-parasını Arif Əsgərovla müqayisə etmək olmaz. Ziya Məmmədov təkcə “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında siqnalizasiya avadanlıqlarının təchizatı və quraşdırılmasına dair müqavilədən 100 milyon dolları “otkat”a çevirə bilmişdi. 340 milyon dollarlıq müqavilənin 100 milyon dollarının davasını aparan İsveç prokurorlarının sonradan səsi də çıxmadı.
Təkcə Ziya Məmmədovun ailəsinə məxsus “Garant holdinq”in Bakının mərkəzində inşa etdirdiyi 33 mərtəbəli “Trump Tower Baku” sabiq nazirin hansı sərvətə sahib olması təsəvvürünü yaradır. Halbuki Ziya Məmmədov biznesmen olmayıb, ilkin kapitalının ona babasından miras qalması haqda, özünün qanuni şəkildə qazanması haqda da məlumat yoxdur. Bəs Bakının mərkəzində 33 mərtəbəli binanı Ziya Məmmədovun ailə şirkəti hansı hesabdan tikib? Bunun korrupsiyadan başqa adı varmı?
Sabiq vergilər naziri Fazil Məmmədovu korrupsiya yarışında Eldar Mahmudovun kölgəsini ayaqlayacaq qədər var-dövlət sahibi adlandırmaq olar. Vəzifədən qovulan kimi çeşidli xəstəlikləri haqda məlumatlar dövriyyəyə buraxılan sabiq nazir Şəmkirdə özünün tikdiyi bahalı hoteldə gün keçirir. Ətrafında mühafizəçilər, hotel qulluqçuları onun arzu və istəklərini yerinə yetirməkdədirlər. Fazil Məmmədov vegilər naziri postunda olduğu illərdə sahibkardan 1 il öncənin vergisini almaqla, “dinməver” tipində qanunsuz vergi tətbiq etməkdə ad çıxarmışdı. Belə idarəçilik onu korrupsiya bosuna çevirmişdi. Nazir postunda ikən onun mal-mülkləri haqda çox yazılıb. Ölkədən 4 milyard yarım “qara pul” qaçırmağa müvəffəq olduğu haqda bu günə qədər təkzib olunmayan məlumatlar var.
17 ilə yaxın vergilər naziri postunu tutan Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Burada 1 sutkalıq nömrə icarəsi 220 avrodan başlayır. Bir qədər aralıda, Puşkin küçəsindəki “Vladimirski” bazarı da Azərbaycanın sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur. Fazil Məmmədov Ukraynadakı bizneslərinə toxunulmazlıq statusuna Ukraynada yüksək çinli məmurlarla işbirliyi və dostluq münasibətləri saxlamaqla nail olub. Bu məmurlar sırasında azərbaycanlılara qarşı xüsusi qəddar münasibəti ilə seçilən Ukraynanın daxili işlər naziri, erməni əsilli Avakov da var. Hətta Fazil Məmmədovun Avakovla yaxşı biznes əlaqələrinin olduğu da deyilir. Ukraynadan əlavə onun Gürcüstanda, Türkiyədə biznes şəbəkələri var. Bu şəbəkələr hamısı üzə çıxarıla bilər. Sabiq nazirin Ukraynanın kurort şəhəri Turskovetsdə olduqca lüks hoteli haqda da yazmışdıq. Həmin hotel “Mir” adlanır. Bu haqda bildirən mənbənin sözlərinə görə, “Mir Rezort Spa” öz dəbdəbəsi ilə sözün həqiqi mənasında “göz qamaşdırır”. Truskovetsin ən yaxşı hotellərindən hesab olunan “Mir” hoteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub. Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu hotelə üz tutur. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir. Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun hotelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir.
Fazil Məmmədovun vaxtilə Şəmkirdə zavodları olan alman əsilli Simens qardaşları ilə də qohumluğu haqda hər hansı bir məlumat yoxdur. Bəs bunca sərvətin özəyi hansı vəsaitlər olub? Fazil Məmmədov 17 il vergilər naziri postunda bu qədər sərvətə hansı biznesindən gələn gəlirdən sahiblənə bilib? Bu pullar böyük bir nazirliyin sahibkarlara divantutma əməliyyatlarından qazanılmayıbsa, mənbəyi niyə açıqlanmır?
Fazil Məmmədovun 17 illik nazirliyi dövründə təkcə özü deyil, həm də komandası fantastik varlanıblar. Onun komandasında olmuş Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarovu götürək. Bu adam o qədər varlanmışdı ki, artıq öz ətrafından da qorxur, çəkinirdi. Gədəbəyin icra hakimiyyətinə gedənlər başçı postunda olan Ramiz Yediyarovun yanına düşə bilmirdilər. Düşəndə isə xüsusi yoxlamadan keçirilir, 5 dəqiqə vaxt ayrılır və yola salınırdı. Sanki hansısa kriminal bossun qəbuluna düşürmüş kimi davranış sərgilənirdi. Fazil Məmmədov qovulandan sonra Ramiz Yediyarovu da yola saldılar. Onun Gədəbəydə sərvətini 50 milyondan çox artırması haqda da təkzib edilməyən xəbərlər var. Balaca, hikkəli məmurun bir neçə il ərzində topladığı sərvət həm də onun şefi Fazil Məmmədovun “ölçüsüz corab”a çevirilən varidatının miqyası haqda təsəvvürləri bir qədər də aydınlaşdırır. Ən maraqlısı isə odur ki, nataraz korrupsionerlərlə yanaşı onların ətrafında talançılıqla məşğul olan Ramiz Yediyarov kimi eks məmurlar da öz keflərindədirlər. Onlara da dəyib-dolaşan yoxdur. Büdcədən oğurlamaq, oğurladığını şad-xürrəm xərcləmək kimi imkanların olması da ayrı bir mövzudur...
Yorumlar